Beynəlxalq sərgi sənayesi peşakarları Bakıya gəlir

image

Beynəlxalq sərgi sənayesi peşakarları Bakıya gəlir

Beynəlxalq sərgi sənayesi peşakarları Bakıya gəlir
Anons-reliz
15.01.2024
 
16-18 yanvar tarixlərində Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyasının (ASTA) təşkilatçılığı və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Bakıda beynəlxalq sərgi və konfrans təşkilatçılarının illik toplantısı keçiriləcək.
Beynəlxalq sərgi və konfrans təşkilatçılarının illik toplantısı 16 yanvar tarixində “Bakı KOB evi”ndə “Kiçik Və Orta Sahibkarlığın İnkişafında Beynəlxalq Sərgilərin Rolu: Dövlət Dəstəyi və Əməkdaşlıq Perspektivləri” adlı tədbirin açılış mərasimi ilə başlayacaqdır.
Tədbir 17-18 yanvar tarixlərində “ICA EVENTS” şirkətinin satış və marketinq komandasının illik toplantısı ilə öz işini “Hyatt Regency” mehmanxanasında davam etdirəcək. 
Bir sıra regional mərkəzlərdən beynəlxalq sərgi və konfrans təşkilatçılarının görüşü dünya səviyyəli çoxsaylı tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycan paytaxtında ilk dəfədir ki, keçiriləcək. Tədbirin məqsədi beynəlxalq sərgi və konfransların təşkilinin əhəmiyyəti və səmərəliliyinin vurğulanması, bu qəbildən olan tədbirlərdə iştirak qaydaları haqqında ətraflı məlumatın təqdim olunması, sərgi və konfranların keçirilməsinə dövlət dəstəyi və əməkdaşlıq perspektivləri, o cümlədən bu sahəyə aid bir sıra digər aktual məsələlərin müzakirəsidir.
Beynəlxalq sərgi və konfrans təşkilatçılarının toplantısında ASTA-nın üzvləri, beynəlxalq sərgi və konfrans təşkilatçısı olan “ICA Group” şirkətinin Çin, Qazaxıstan, Özbəkistan, Türkiyə, Polşa və Azərbaycan filiallarının, eləcə də “ICA Eurasia”,  “Caspian Event Managment”, “Kongress servis”, “Vista”, “Lentewenc”, “ITE E&C”, “Iteca Uzbekistan”, “Iteca Kazakhstan”, “ICA Turkiye” və “Iteca Caspian” şirkətlərinin nümayəndələri, sərgi tərəfdaşları və xüsusi qonaq qismində sərgi sənayesi eksperti Stiven Mörte iştirak edəcək.
Son dövrlərdə Azərbaycan regionun beynəlxalq tədbirlər məkanına çevrilib. Ölkəmizdə təşkil edilən çoxsaylı beynəlxalq sərgi və işgüzar tədbirlər bunun əyani göstəricisidir. Bu tədbirlər müxtəlif sənaye sahələrinin nümayəndələrini bir araya gətirərək, regionun müxtəlif ölkələrindən olan şirkətlər üçün təcrübə mübadiləsi, işgüzar əlaqələrin qurulması və yeni imkanlar yaradan platforma rolunu oynayır. Ümumilikdə isə, sərgilər biznesin inkişafına müsbət təsir edən və regionda iqtisadi fəallığı artıran multiplikator effekti yaradır. Mehmanxanalar, restoranlar, nəqliyyat şirkətləri və digər müəssisələr artan ziyarətçi axını sayəsində əlavə gəlir qazanmaq imkanı əldə edirlər. Bundan başqa, sərgilərin təşkili şəhər infrastrukturunun, həmçinin turizm və mehmanxana sənayesinin inkişafına təkan verir, Azərbaycanda investisiya mühitini yaxşılaşdırır.
Dünyanın müxtəlif ölkələrindən olan sərgi sahəsinin mütəxəssislərinin Bakıda toplanması heç də təsadüfi deyil. Belə ki, ölkəmiz regionun ən böyük tədbirlərinə uğurla ev sahibliyi edir. Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə edilməsi bir daha sübüt edir. Bu beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə həyata keçirdiyi uğurlu fəaliyyətin bariz nümunəsidir. Eyni zamanda 25 ildən artıqdır ki, Azərbaycanda sərgi sənayesinin ən mühüm istiqamətlərini əhatə edən çoxsaylı sərgilər də keçirilib.